DİM sədri qəbul imtahanlarında olacaq yenilikləri açıqladı

DİM sədri qəbul imtahanlarında olacaq yenilikləri açıqladı
29.09.2017 00:19
Təhsil 23
A- A+

Universitetə qəbul imtahanları üzrə fənlərin sayı beşdən üçə endiriləcək. Üstəlik imtahanlarda açıq tipli suallarla yanaşı müxtəlif yazı işləri və tapşırıqlar da tətbiq ediləcək. 

Pronews.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə iki il sonra qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər barədə danışarkən deyib. 

O, imtahanlarda tətbiq ediləcək açıq və digər növ sualların yoxlanılması qaydasını da izah edib.

Məleykə Abbaszadə bildirib ki, 2019-cu ildən etibarən qəbul və buraxılış imtahanlarında müxtəlif növ suallar tətbiq ediləcək. Açıq sualların sayı isə xüsusi ilə çox olacaq.

DİM sədrinin sözlərinə əsasən, yazı işlərinin yoxlanılması zamanı qiymətləndirmə konkret meyarlar əsasında olacaq. Ona görə də markerlər tərəfindən subyektivliyə yol verilməsi ehtimalı olmayacaq. Bundan başqa şagird və ya abituriyent imtahandan sonra öz şəxsi kabinetində ona hansı əsasla bal yazıldığını görə biləcək.

Məleykə Abbaszadə qeyd edib ki, iki ildən sonra ali məktəblərə qəbul zamanı hansı fənlərdən imtahan veriləcəyi sabah açıqlanacaq. Artıq bu Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahanlarda müəyyən dəyişikliklər olsa da universitetlərə qəbul yenə də 700 ballıq sistem əsasında həyata keçiriləcək. Qeyd edək ki, yeniliklərin tətbiqi üçün Dövlət İmtahan Mərkəzi beynəlxalq ekspertlərlə də əməkdaşlıq edir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.