Yağı 7 manata alıb 18 manata satan kimlərdir?

Yağı 7 manata alıb 18 manata satan kimlərdir?
05.10.2017 14:22
A- A+

Bu həftənin əsas müzakirə mövzularından biri kərə yağının qiymətindəki kəskin bahalaşmadır. Hər kiloqramda 3-4 manata yaxın olan artımdan narazılıqlar xeyli çoxalıb. Bir çox ekspertlər bahalaşmanın yağ idxalındakı monopolizmdən irəli gəldiyini bildirirlər. İş o yerə çatıb ki, Dövlət Gömrük Komitəsi inhisarçıları dəstəkləməsi barədə iddialara cavab olaraq yağ idxalının həcmi, idxalçı şirkətlərin sayı barədə statistik məlumatla çıxış etdi.

Əslində kərə yağının bahalaşması gözlənilməz olmadı. Çünki son 1 aya yaxın dövrdə bu məhsulun dünya bazar qiymətlərinin artmasına dair həm media, həm də sosial şəbəkələr vasitəsilə güclü təbliğat aparılmışdı. Bu təbliğata bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri də aktiv dəstək verirdilər. Bu, faktiki olaraq, ictimaiyyəti qiymət artımına hazırlamağa cəhd idi. “Cəhd” ona görə deyirəm ki, 2-3 gündə insanların məsələyə kəskin münasibəti göstərdi ki, təbliğat gözlənilən nəticəni verməyib. Ailələr kilosu 18 manata kərə yağını nə ala bilirlər, nə də almaya. Xüsusilə azyaşlı uşaqların qida rasionunda əhəmiyyətli yer tutan bu məhsulu almamaq mümkün deyil. Lakin yeni qiymətlərlə almağa da əksəriyyətin gücü çatmır.

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda diqqəti cəlb edən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Belə ki, həmin məlumata görə, ötən il ölkəyə kərə yağını Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət həyata keçirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyd olunan dövrdə Azərbaycana “Kərə yağı, digər süd yağları və pastaları” adı altında malların idxalında əsas yeri Yeni Zelandiya tutub. Bu ad altında idxal edilən 14 365,1 ton məhsulun 11 910 tonu və ya 82,9 faizi bu ölkədən gətirilib - hər kiloqramı 3,3 dollara. İkinci yerdə olan Almaniyadan idxal cəmi 535,6 ton təşkil edib – 1 kq-ı 3,8 dollara. Bundan əlavə, Belarusdan kiloqramı 3,9 dollara 420,9 ton, Finlandiyadan 2,8 dollara 409,9 ton, Ukraynadan 3,5 dollar 361 ton məhsul idxal edilib. Rusiyadan idxal cəmi 75,4 ton(kilosu 3,8 dollara) təşkil edib. 

Yenə Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında ölkəyə cəmi kərə yağı idxalı 6026,68 ton təşkil edib – kiloqramı orta hesabla 3,9 dollara. Bu zaman birinci yerdə yenə Yeni Zelandiyadır – bu ölkədən 4825,95 ton kərə yağının hər kiloqramı 3,8 dollara alınıb – idxalda payı 80 faizdir. İkinci yerdə olan Fransadan idxalın ümumi idxalda payı 3,5faizə belə çatmır. Bundan əlavə, qeyd olunan dövrdə Ukraynadan 166,5 ton kərə yağı idxal edilib – kilosu 3,5 dollara. Finlandiyadan eyni qiymətə 197,94 ton, Almaniyadan 4,4 dollara 195,18 ton, Rusiyadan 1,5 dollara 82,03 ton, Belarusdan 4,9 dollara 159,4 ton kərə yağı idxal etmişik. 

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatdan isə aydın olur ki, 2017-ci ilin 9 ayı ərzində Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. Bu isə o deməkdir ki, həm ötən il, həm də bu ilin 9 ayında Azərbaycana yağ idxalının ən azı 80 faizini cəmi 4-5 şirkət həyata keçirib. Amma idxalda payı 1-2 faizə çatan Rusiya və Ukraynadan idxalla 8-13 şirkət məşğul olur. 

Onu da qeyd edim ki, dünya bazarında kərə yağının qiyməti həqiqətən bahalaşıb. Bu baxımdan, prosesin Azərbaycandakı qiymətlərə təsiri normal qəbul edilə bilər. Lakin məsələ burasındadır ki, bizdə qiymət artımı dünya bazarındakı artım səviyyəsinə adekvat deyil. Məsələn, Gömrük Komitəsinin yaydığı cədvəldən aydın olur ki, bu ilin 1-ci rübündə dünya bazarında kərə yağının qiyməti 9,6 faiz artıb. Azərbaycanda isə şəxsi qeydlərimə əsasən qiymət artımı təxminən 26 faiz təşkil edib. Avqust-sentyabrda dünya bazarında artım cəmi 1 faiz, Azərbaycan bazarında isə 17-20 faiz təşkil edib. 

Digər tərəfdən, dünya bazarından bizimlə bərabər yağ alan qonşu ölkələrin heç birində qiymətlər bizdəki qədər yüksək deyil. Məsələn, Gürcüstan, Ukrayna və Rusiyada 82 faizlik Yeni Zelandiya yağının kilosu pərakəndə satışda 10-14 manat arasında dəyişir. Bu ilin birinci yarısında Azərbaycana ən bahalı yağ Belçikadan kilosu 5,2 dollara, İrlandiya və Fransadan 5,1 dollara idxal olunub – 9 manata. 80 faiz yağ isə Yeni Zelandiyadan 3,8 dollar və ya 6,6 manata idxal edilib. Gömrük-idxal rüsumları, vergilər, daşıma xərcləri bu qiyməti 2-3 dəfə artıracaq səviyyədə olmadığı isə hamıya məlumdur. 

Bütün bunları nəzərə almaqla, “kərə yağını kim bu qədər bahalaşdırdı” sualına cavab tapmaq yəqin ki, çətin olmaz...

Pronews.Az


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.