Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı yenidən məhkəmə qarşısında

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı yenidən məhkəmə qarşısında
04.10.2017 16:44
A- A+

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmənin baxış iclası başlayıb.

Pronews.Az-ın APA-ya istinadən xəbərinə görə, prosesdə dövlət ittihamçısı Anar Məmmədov çıxış edib. Prokuror bildirib ki, birinci instansiya məhkəməsi Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib, ədalətsiz və yüngül cəza təyin edib. Məhkəmənin gəldiyi nəticəni əsassız adlandıran prokuror deyib ki, onun cinayət əməli sübuta yetirilib.

Hazırda proses davam edir.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla, şərti hesab olunub. 

Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə, 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

Ş. Sultanov apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prokurorluq isə hökmdən apellyasiya protesti verib.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.